Ən uzun adam üçün ən böyük velosiped
Dünyanın ən uzun adamı ünvanına sahib olan ukraynalı Leonid Stadnikin arzularından biri reallaşıb.
Həmişə öz ölçülərinə uyğun nəqliyyat vasitəsi tapmaq problemi ilə üzləşən Stadnik üçün xüsusi velosiped hazırlanıb. Bu velosipedin Leonidin uzanmaq xəstəliyinə də çarə olacağı ehtimal edilir. Hazırda Stadnik velosipedə uyğunlaşmağa çalışır. Sözügedən minik vasitəsi göstəricilərinə görə heç də sahibindən geri qalmır. Belə ki, boyu 2 metr 59 santimetr olan “nəhəng ukraynalı” üçün hazırlanmış bu velosiped dünyanın ən böyük velosipedi sayılır. Rusiyalı mühəndisin əl işi olan velosiped 150 kiloqramdan artıq çəkini götürmək gücünə malikdir.
Xatırladaq ki, Stadnik ötən il çinli Bao Xişunu geridə qoyaraq, dünyanın ən uzun adamı statusuna yiyələnmişdi. Leonidin uzanmasının səbəbi isə onun 14 yaşında keçirdiyi əməliyyatdan sonra inkişaf hormonlarında baş verən dəyişikliklərdir. Sürətlə böyüyən və kökələn Stadniki artıq ayaqları da güclə saxlayır. Bundan əlavə, o, gündəlik həyatda da müxtəlif çətinliklərlə üzləşir. Belə ki, Stadnik boyuna görə işdən çıxmaq məcburiyyətində qalıb, evdə isə əyilərək gəzir. Leonid, demək olar ki, bütün gününü həyətdə ev heyvanlarına qulluq etməklə keçirir. Onun ən böyük arzusu isə özünə uyğun bir qız taparaq evlənməkdir.
Mənbə: zaman qəzeti


